General Şıxəliyevlə zərərçəkmişlər arasında dava

General Şıxəliyevlə zərərçəkmişlər arasında dava

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mediainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Hüseyn Səfərov dəmir qəfəsdə olan Mövlam Şıxəliyevlə mübahisə edib:

“Abrın-həyan olsun, kişiyəm deyirdin? Sənsən kişi? Kişi kimi söz verirəm deyənə bax. Sənin mənliyin, kişiliyin yoxdur. Sən kişilikdən daha danışma...”

Mövlam Şıxəliyev Hüseyn Səfərova cavab vermək istəyib. Bu zaman digər zərərçəkən Bahəddin Həziyev ona imkan verməyib: “Sənin burada özünü ədalı aparmağa haqqın yoxdur. Sən bizlərə qarşı ağır cinayət eləmisən. Bizim evimizi yıxmısan. Mənim oğlumu ləkələmisən, məni ağır duruma salmısan. Şərəfsiz, mən sənə nə etmişdim? Atanı öldürmüşdüm? Mənim oğlumu niyə ləkələdin? Kişilikdən danışma, sənin buna haqqın yoxdur. Bizə vurduğun zərərləri qaytarmasan, səndən əl çəkən deyilik. Sən şərəfsizsən”.

Mövlam Şıxəliyevin zərərçəkənlərə dedikləri səs-küydən eşidilməyib. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirməyə çalışıblar. Lakin buna nail olmayıblar. Nəzarətçilər aranı sakitləşdirmək üçün Mövlam Şıxəliyevi zaldan çıxarıblar.

Hakim Elbəy Allahverdiyev tərəflərə xəbərdarlıq etməklə onları sakitliyə riayət etməyə çağırıb. Əks təqdirdə məhkəmə zalından çıxarılacaqlarını deyib.

Bundan sonra zalda olan digər 3 təqsirləndirilən şəxsə və zərərçəkənlərə müraciət etməklə çıxış etmələrini istəyib.

Təqsirləndirilənlər və zalda olan zərərçəkənlər çıxışa hazır olmadıqlarını bildiriblər. Onlar məhkəmədən vaxt istəyiblər.

Növbəti proses sentyabrın 13-də davam edəcək.

Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az