Tanınmış meyxanaçı Rəşad Dağlının qətl törəməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Mediainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, Rəşad Dağlı və qətlə yetirilən İsgəndər Mehdiyev arasında münaqişəyə narkotik satanlarla bağlı meyxananın, daha dəqiqi, bu meyxanaya görə ikincinin söyüş söyməsinin səbəb olduğu bildirilsə də, əslində onların arasında münasibətlər bu olaya qədər gərginləşib.
Məlumatlı mənbənin bildirdiyinə görə, uzun illərdir dostluq edən Rəşad və İsgəndərin münasibəti pul məsələsinə görə korlanıb. Belə ki, qətldən bir neçə gün öncə İsgəndər Rəşaddan 3 min manat pul istəyib. Hətta İsgəndərin bu istəyini xahiş yox, tələb kimi irəli sürdüyü və son günlər bu tələbi bir neçə dəfə səsləndirdiyi bildirilir. Rəşadın ona hər dəfə "yox" cavabı verməsi isə İsgəndərin xoşuna gəlməyib.
Mənbə onu da bildirdi ki, bundan sonra İsgəndər Rəşadın narkotik satanlarla bağlı meyxanasına "ilişib" və onun ünvanına söyüş söyub. Bu isə Rəşadı təbdən çıxaran "son damla" olub və o, İsgəndəri qətlə yetirib.
Qeyd edək ki, bu hadisədən sonra tərəflər münasibətlərini aydınlaşdırmaq üçün görüşüblər. Aralarında yaranan mübahisə zamanı Rəşad İsgəndərin ürək nahiyəsinə 9 bıçaq zərbəsi vurub. Nəticədə o, ölüb. Qətli törədən Rəşad Dağlı isə könüllü Yasamal polisinə gələrək təslim olub.
Xatırladaq ki, İsgəndər Mehdiyev oktyabrın 26-da həbsdən çıxıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunaraq, həbs edilib.
İ.Mehdiyevin digər məşhur meyxana ustası Ələkbər Yasamallının dayısı oğlu olduğu bildirilir.
Hazırda onun qətli ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.