![“Biabırçıdır! Belə olanda nazir istefa ərizəsini yazmalıdır...”](https://www.mediainfo.az/media/2022/11/02/230x135/12-78.jpg)
Asəf Baba Nüsrət
Qəzəl
Mən aşiqəm öz yarıma, biganə də olsa,
Sevdirdi vəfasız özün ayə, nədə olsa.
***
Gerçəkdə mənəm, Qeys odu, Leyla bu zamanlar
Şayət, o dövrlərdəki əfsanə də olsa.
***
Biz badeyi-eşq ilə xumar olmuşuq ey dil,
Eşq əhlinə sərxoş demə, məstanə də olsa.
***
Bəyquş kimi fəryad elədim, aldı apardı,
Qaytarmadı ta könlümü, viranə də olsa.
***
Əfsanəvi Məcnuni deyib, həqqi deməzlər,
Yüzlərcə mənimtək dəli, divanə də olsa.
***
Asəf kimi bir kimsə o şəm üzlünü sevməz,
Dünya dolanıb kuyinə pərvanə də olsa.
SAĞ OLSUN
Hər kim ki, deyib dərdimi dildarə, sağ olsun,
İstər edə, ya etməyə bir çarə, sağ olsun.
***
Hicrilə günüm ağ deyil, onsuz da o mahın,
Vəslilə də eylərsə əyər qarə, sağ olsun.
***
Yurdsuz, yuvasız Qeys idim, o Leyli yolunda,
Get söylədi, çöllərdə qal, avarə sağ olsun.
***
Bazari-məhəbbətdə olur böylə ticarət,
Mən yarə könül verdim, o, əğyarə, sağ olsun.
***
Biganə nədir, qanmasa aşiq nədir, bilməz,
Əğyar özü təlimr edəcək yarə, sağ olsun.
***
Çək nəzmə bu sevdanı qələm, söyləsin ellər,
Aşiqlərə xoşbəxt və sənətkarə, sağ olsun.
***
Sən Vahidisən dövrümüzün ey Baba, lakin,
Bir kəs deməz əhsən bu qələmdarə, sağ olsun.
Nur Damlası
BU GECƏ
Bu gecə çətin gecədir,
Bu gecə çox uzundur.
Duaya qarışan insan,
Öz adını unudur.
***
Gecə yarıdan keçib,
İlişib göy tavanına.
Bir cüt qoşa əl qalıb,
Yarılıb buludların da,
Nəmli sinəsi yarılıb.
***
Diləsək tökülərmi,
Alov saçan o daşlar?
Tanrı özü demişdi,
Əbabil quşları var.
***
Bu gecə çətin gecədir,
Bu gecə çox qaranlıq.
Gəlmişik Haqq qapına
Bir ovucluq duayıq...
***
İndi hamımız əsgər,
İndi hamımız səngər!
Yeni doğulan ümid,
Böyüyüb Vətən qədər.
DARIXMAQ
Bircə kəlməlik sözdür,
darıxmaq...
Hərdən gözümüzdən axıb
ovcumuzda dincini alar,
Hərdən də heç nə olmamış kimi
gəlib-gedər.
Bəs kim deyər,
kim deyər ki, görmədiyin,
bilmədiyin biri üçün
darıxmaq nədir?
Bəhanədir, hamısı bəhanədir...
Tanrıya küsən insanların
səbəbsiz darıxmağı,
Barışmağa bəhanədir...
Bir də yerin qulağına
pıçıldamaq üçün darıxan
birini gördüm ən son...
Onu da orda,
güzgüdə qoyub gəldim.
ÖLÜM NİDASI
Altı-üstü bir kəlməlik insanam,
Ya da el dilində,
yarımçıq qalmış bayatı.
Əzbərləyib həyatı,
Hərdən imtahan verirəm özümə:
Duyğularım sait olub,
sətirdən-sətirə keçdikcə,
Kar samitə bənzəyib,
qısılıram hecaların bir küncünə.
Baxıram ki, ahəng qanununa belə
uyğunluğum yoxdur mənim...
Hər üçdən bir kəlməmin,
sonu mürəkkəb cümlədir.
Arzularım, diləklərim,
xəbərsiz mübtədalara döndükcə,
Köməkçi nitq hissəsi kimi,
başdan ayağa "bəlkə"lərə bürünürəm.
Sonra üç nöqtə misalı,
Misraların arxacınca sürünürəm, sürünürəm...
Ta ki, həyat bitmiş bir
ömrün qarşısına,
Ölüm nidasını qoyana qədər!
Hazırladı İsa Rəvan