Avstraliyanın 111 yaşlı ən uzunömürlü sakini sağlamlığının sirrini açıqlayıb.
Oxuməni.az xəbər verir ki, qocalar evindən birində yaşayan Dekster Kryuger 111 yaşını 13 yanvar tarixində qeyd edib. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəbindən uzunömürlü qoca bir çox qonağı dəvət edə bilməyib, lakin bu, onu çox kədərləndirməyib. Kryugerə görə, uzunömürlülüyün sirri çox sadədir: "Düzgün nəfəs alın və gündə üç dəfə yemək yeyin".
Avstraliyalı tez-tez mahnı oxuyur və ya fit çalır, həmçinin hər gün krivetka yeyir: "Düşünürəm ki, bunlar çox faydalıdır. Axşam yeməyi üçün bir qutu sardina açıram".
Avstraliyalı qoca deyib ki, həyatında pis hadisələr yaxşılardan daha çox olub, hər iki dünya müharibəsi, "Böyük depressiya" və çoxsaylı quraqlıqlar baş verib. Odur ki, insanlığın COVID-19 pandemiyasının öhdəsindən gələcəyinə əmindir: "Kənd təssərrüfatı sahəsində işləmişəm, peyvəndlər sayəsində bir çox ciddi problemi həll etmişik. Burada da nəticə eyni olacaq".
Uzunömürlü hesab edir ki, yaş hədəflərinizdən imtina etmək üçün səbəb olmamalıdır. Ömrü boyu əkinçilik sahəsində işləyib, 86 yaşında həyat yoldaşının ölümündən sonra kitab yazmağa başlayıb. Bu müddət ərzində Kryugerin qələmindən 300-dən çox hekayə çıxıb. Avstraliyalı 12 kitab nəşr etdirib, sonuncusu 109 yaşında nəşr olunub. Həm də şeir yazır.
Xatırladaq ki, Amerikanın Alabama ştatının Nyu-Brokton şəhərinin 108 yaşlı sakini də uzunömürlülüyün sirrini paylaşmışdı. O, Tanrıya inanmağı, çox çalışmağı, mehriban olmağı və başqalarının işlərinə qarışmamağı məsləhət görmüşdü.