Çinin "Seres" avtomobil brendi "Huawei DriveOne" platformalı dünyanın ilk elektromobilini nümayiş etdirib. "Seres SF5 Free Expedition Edition" adlı avtomobil, həmçinin "NEDC" standartı əsasında min kilometr məsafəni qət edən ilk seriyalı elektromobildir.
Oxuməni.az xəbər verir ki, yeni "Seres" elektromobili 350 at gücündə iki elektromotor, bir neçə yüksək dəqiqlikli millimetrlik radar, eləcə də 2 səviyyəli avtopilot funksiyasını (yol döngələrinin izlənilməsi, insanın iştirakı olmadan parklanma, digər hərəkət iştirakçılarının, o cümlədən piyada və velosipedçilərin aşkarlanması) dəstəkləyən kamera ilə təchiz edilib.
Təqdimatda bəyan edilib ki, elektromobilin akkumulyator tutumu min kilometr məsafə üçün nəzərdə tutulub. Bununla belə, ekspertlərin fikrincə, "WLTP" dövrü ölçüsünə əsasən qət edilən məsafə 850 kilometri ötməyəcək.
Yeni modelin əsasını "DriveOne" – "Huawei" mühəndisləri tərəfindən hazırlanan elektrik ötürücü sistemi təşkil edib. O, elektromobilin yeddi əsas komponentini birləşdirir: idarəetmə mikrobloku, mühərrik, reduktor, daimi cərəyan dəyişdiricisi, bort enerjidoldurma qurğusu, enerjipaylama bloku və akkumulyator idarəetmə bloku. "Huawei" nümayəndələrinin sözlərinə görə, "DriveOne" benzin avtomobillərinin elektrikləşdirilməsini asanlaşdırır, eləcə də onları ucuzlaşdırır.
"Seres SF5 Free Expedition Edition" elektromobilinin qabaritləri 4700 x1930 x 1625 millimetr, təkər bazası 2875 millimetr təşkil edir. Avtomobil 100 kilometr/saat sürətini 4 saniyəyə yığır.