
- Özünü oxuculara təqdim edərdin?
- Mən Hüseynov Babək 1983-cü ildə Füzuli rayonunda anadan olmuşam. 1992-ci ildə məlum səbəblərdən Füzulidən çıxaraq Bakıda məskunlaşmışıq. Sonra təhsilimi Bakıda davam etdirmişəm. Ailəmizdə dörd uşaq olmuşuq: 2 - bacı 2 - qardaş.
- Necə oldu ki, idmanla məşğul oldun?
- Uşaq vaxtından Şərq əlbəyaxa döyüş növlərinə çox böyük marağım olub. İlk olaraq Füzuli rayonunda Sabir müəllimin yanında güləş idmanına getmişəm. Bir necə kiçik turnirlərdə iştirak etmişəm, qalib olmuşam. Sadəcə həvəsim əlbəyaxa döyüş növünə olduğu ucun Bakıya köçəndən sonra da məşğul oldum. 1993-cü ildən karate ilə məşğul olmağa başlamışam. 1995-ci ildə konfu-sando idman növü ilə məşğul olmuşam.
- Hansı yarışlarda iştirak etmisən?
- Avropa Çempionatında iştirak etmişəm. Bu günə kimi 7 dəfə dünya çempionu olmuşam. 4 dəfə dünya çempionu mükafatına layiq görülmüşəm, 10 dəfə Azərbaycan çempionu olmuşam.
- İdmanın hansı növü ilə məşğulsan?
- Hal-hazırda idmanın konfu-sando növü ilə məşğulam. Özüm də Azərbaycanda sando klubunun prezidentiyəm.
- Kumiriniz kimdir?
- Kumirim özüməm. Mən deyərdim ki, artıq kimsə mən olmaq istəyir, məni özlərinə kumir seçirlər.
- Ümumiyyətlə qısqanc insansan?
- Bəli, mən qısqanc insanam.
- Ailədə səndən başqa idmanla məşğul olan olubmu?
- Qardaşım da idmanla məşğul olub. İdmana da gəlməyimin səbəbi qardaşımdır. Həmişə mənə dəstək olub. Müəyyən səbəblərə görə qardaşım idmandan uzaqlaşıb.
- Hansı müğənniləri dinləyirsiniz?
- Alim Qasımov, Zeynəb Xanlarovaya qulaq asıram. Başqalarını da dinləyirəm. Əsas bu iki insanla maraqlanıram, onları daha çox dinləyirəm.
- Mənfi və müsbət cəhətin nədir?
- Səbirsiz və aqressivəm. Dediyimi eləyən, tərs insanam. Ürəyi yumşağam.
- İlk məhəbbətin olub?
- 2001-ci ildə. Sadəcə olaraq sevdiyim insanı itirdim. Onlar köçdülər, ünvanlarını itirdim. Yeniyetməlik vaxtım idi. Ayrılığımız belə oldu.
- Hazırda hansı işlə məşğulsan?
- İdmanla məşğul oluram. Bir də bizim çox mötəbər bir şəxs var, iş adamıdır. Onun yanında çalışıram, mühafizə rəisiyəm.
- Dost nə deməkdir sənin ucun?
- Dost həmişə yanında olmalıdır. Söhbət yaxın dostdan gedir. Əgər sənin pis günündə dostun yanındadırsa, dar günündə də demək o sənin əsl dostundur.
- Səni nə qıcıqlandıra bilər?
- İstənilən bir haqsızlıq məni qıcıqlandıra bilər.
- Neçə ildir idmanla məşğulsan?
- Belə desək, 7 yaşımdan rayonda güləşlə məşğul olmuşam. 20 ildən çoxdur ki, idmanla məşğulam. İdmanla 1995-ci ildən ciddi məşğul olmuşam. İndiyə kimi də davam elətdirirəm.
- İndiyə qədər neçə dəfə erməni rəqibi ilə üzbəüz gəlmisən?
- Bu günə kimi 4 dəfə erməni idmançısı ilə üzbəüz gəlmişəm. Dördündə də qalib olmuşam. Düzdür, Ermənistan bayrağı altında çıxış edən olmayıb. Rusiya bayrağı altında çıxış edən idmançı olub. Dəxli yoxdur mənim üçün, o erməni rəqibi olub, düşmən kimi baxmışam. Düşünmüşəm ki, yarışda başqası yox, özüm çıxıb onu nokaut edim, başa salım ki, Qarabağlı idmançı necə olur.
- Ən böyük qələbən haçan olub?
- Ən böyük qələbəm erməni idmançısını nokaut edəndə olub. Azərbaycan bayrağını çiynimə alıb rinqdə dövr edəndə özümü xoşbəxt insan hiss etdim. Və mənim üçün ən böyük qələbə ermənini sınmış görmək idi. Erməninin göz yaşlarını gördükdə mənim də sevinc göz yaşlarım axırdı. Erməniyə baxdıqca sevincimdən gözlərimin yaşını saxlaya bilmirdim.
- İlk xeyir-duanı kimdən almısan?
- Xeyir-duanı mənə bu sənətdə valideynlərim verib. Anamdan almışam.
- İdmançı xanımla ailə həyatı qurardın?
- Xeyr, heç vaxt ailə qurmazdım. Mən tamam başqa cür xasiyyətdə insanam. Ailə qursam da mömin xanımla ailə qurardım.
- Rəqibin kimdir?
- Mən özümə Azərbaycanda rəqib görmürəm, kimsə məni özünə rəqib görür. Ümumiyyətlə, bütün dünyada belə özümə rəqib görmürəm. Artıq Dünya Çempionatına gedəndə hamısı hiss edir ki, bu çəkidə heç kim mənə qalib gələ bilməyəcək. Çünki Babək Hüseynov gəlib.
- Şəxsi həyatınızda vəziyyət necədir?
- Ümumiyyətlə, qapalı insanam. İstəmirəm şəxsi həyatım barəsində açıqlama verim. Şəxsi həyat toxunulmazdır. Ona görə olar ki, bu suala cavab verməyim?
- Təhlükəli xanımlardan özünü necə qoruyursan?
- Çalışıram həmişə üzüağ gəzim ki, onların təhlükəsinə düşməyim.
- Sevgi nədir sənin üçün?
- Sevgi müqəddəs bir anlamdır. İnsan hər kəsi sevə bilməz. Sevdiyin şəxs sənin sirr daşıyanın, yaxınındı. Hər insana da sevgi qismət olmur. Sevgi böyük varlıqdır.
- Həyatda neçə dəfə sevmək olar?
- Bir dəfə sevmək olar.
- Nəyi çətinliklə əldə etmisən?
- Demək olar ki, çox şeyi çətinliklə əldə etmişəm. Nə qazanmışamsa hamısını çətinliklə qazanmışam.
- Ürəkdən haçansa ağlamısan?
- Bəli, ağlamışam. Mənim belimdə zədə var idi. 2013-cü ildə Barselonada keçirilən Dünya Çempionatında həkimlər mənə məsləhət görmədilər ki, final döyüşünə çıxım. Mən həkimlərin sayəsində İtaliyada keçirilən Dünya Çempionatına zədəli-zədəli çıxdım. Çox güclü rəqibimlə çıxdım və heç kim gözləmirdi ki, mən qalib olacağam. Qalib də oldum. Hətta onda ürəkdən ağlamışam.
- Hansı havada öz duyğularınıza, xatirələrinizə hakim ola bilmirsiniz?
- Yağmurlu havada özümə hakim ola bilmirəm.
- Taleyinizdən razısınız?
- Allaha min şükür deyirəm.
- Ayın 25-də yarışa gedəcəkdiniz. Niyə təxirə düşdü. Səbəb nə idi?
- Belimdə ciddi zədə var. Həkimlər məsləhət görmür ki, mən yarışmada vuruşum. Mən bu yarışı buraxdım. Hələ belə uğursuzluq yaşamamışdım. Həkimlər bildirdi ki, nəzarət altında olmalıyam, döyüşü saxlamalıyam. Əgər gedəsi olsam çox böyük fəsadlar ola bilər. Hazırda da travmam güclü olduğu üçün çalışıram ki, müalicəmi götürüm, növbəti yarışlarda iştirak edim. Mən özüm yarışa getməsəm də mənim 3 tələbəm var. Bu yarışda iştirak edəcəklər, bayrağımızı Pekində dalğalandıracaqlar. İnanıram ki, üzümüzü ağ edəcəklər. Çünki onları çox gözəl hazırlamışam. Mən də müalicəmi etdirəcəyəm. Mənim kimi Azərbaycanda idmançı olmayıb, olmayacaq da bu çəkidə. Ona görə inşallah, gələn yarışlarda qismət olar iştirak edərəm.
- Şəlalə nə deməkdir sənin üçün?
- Şəlalə tanıdığım jurnalistdir. Şəlalə deyəndə göz önünə Niaqara şəlaləsi gəlir.
- Titulun nədir?
- Dünya və Azərbaycan idmanında "Qara Bəbir" ləqəbi ilə tanınır Babək Hüseynov.
- Nankorluq görmüsən?
- İdmanda mənə qarşı nankorluq görmüşəm. Mənə nankor olanlar olub, gözü götürməyənlər olub. Sadəcə mən onlara məhəl qoymamışam.
- Səni tez-tez harada görmək olar?
- Ən çox olduğum yer zaldır, bir də məşqdir və dincəlmək üçün dəniz kənarında oturmağı çox sevirəm.
- Sosial şəbəkələrdən necə, istifadə edirsiniz?
- Bəli, İnternet şəbəkələrində oluram.
- Tez-tez işlətdiyin söz?
- İnşallah sözüdür.
- Həyatınızda kimin yeri yoxdur?
- İkiüzlü insanın yeri yoxdur.
- Son vaxtlar bəzi efirlərdə səni şou-biznes nümayəndələrinin məclisində görürük. Sən də şou-biznesə qatılmaq istəyirsən?
- Xeyr, mən şou-biznesə qatılmaq istəmirəm. Sadəcə biz idmançıları xalqımız tanımalıdır. Məqsədim odur ki, gənclər bizim davamçılarımız olsunlar.
- Bu həyat sənə nə öyrətdi?
- Keçdiyim həyat yolu mənə güclü olmağı öyrətdi, ibadəti öyrətdi.
- Uşaqlıqda hobbin nə olub?
- Uşaqlıqda hobbim dünya çempionu olmaq olub. Şükür Allaha, oldum da.
- Babək bilir ki, dünya çempionatlarında olimpiya oyunlarında qalib gələn idmançıları dövlət mükafatlandırır. Amma professional idmançının aylıq gəlirinin olub-olmamasını hər kəs bilmir. Bu barədə məlumat verərdiniz? İdmançı nə ilə dolanır?
- Mənim fikrimlə yaxşı idmançı nəticə göstərib mükafat qazanmalıdır. Yaxşı idmançı gərək pulu həmişə halal yolla qazansın. İdmançı haram pul qazansa axırı yaxşı olmur… Dövlətimiz də sağ olsun ki, idmançıların qeydinə qalır, yüksək qiymətləndirir.
Şəlalə NƏRİMAN