Mediainfo.az jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:
- Son günlərdə İrandan Azərbaycana yönəlik hədələr dayanmaq bilmir. Bu dəfə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Vahid Cəlalzadə bildirib ki, İran bölgənin sərhədlərinin dəyişdirilməsi xəyalını kabusa çevirəcək. İran “sərhədlərin dəyişdirilməsi” deyəndə nəyi nəzərdə tutur?
- İran hakimiyyətindəki müxtəlif düşərgələr bir sıra məsələlər, o cümlədən, Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqlarına malikdirlər. İran hakimiyyətinə sosial sifariş olmadığından öz sifarişini “xalqın sosial sifarişi” kimi qələmə verməyə çalışır. Buna görə də ortaya Zəngəzur dəhlizi dilemması çıxır. İran hakimiyyətinin mənsublar birmənalı olaraq bildirirlər ki, bölgədə sərhədlərin dəyişdirilməsinə qarşıdırlar və Zəngəzur dəhlizinin müxtəlif dövlətlər tərəfindən nəzarət altına alınaraq, Ermənistanın bu ölkə ilə sərhədlərinin əlindən alınmasına yol verməyəcəklər.
Əslində, bu açıqlama demaqogiyadır, absurda yaxındır. Çünki heç bir ölkə, o cümlədən də Azərbaycan Zəngəzur dəhlizini ilhaq etmək niyyətində deyil. Belə bir niyyətimiz də olmayıb.
Sadəcə olaraq, İran ikili oynayır. Birincisi, özünü Amerikaya qarşı çıxdığını göstərir. Guya başda Amerika olmaqla, kollektiv Qərb Zəngəzur dəhlizini ələ keçirməkdə Azərbaycana kömək edir. İkinci məsələ isə onun niyyətini gizlətməyə yönəlmiş bəyanat və açıqlamalardır. Belə bəyanatları da hərbçilər, millət vəkilləri, müxtəlif düşərgələrdən olan siyasətçilər və sair şəxslər verirlər.
Tehrandan verilən bu bəyanatların hamısının kökündə çox sadə bir məqam dayanır: İran özünü Rusiyaya “dost və müttəfiq” adlandırsa da, bu, belə deyil. İran öz diplomatiya tarixində heç vaxt Rusiyanı özünə dost ölkə kimi qəbul etməyib. İranın maraqları var. İndiki marağı isə ondan ibarətdir ki, Rusiya Zəngəzur dəhlizi vasitəsilə öz karbohidrogen ehtiyatlarını, enerji daşıyıcılarını, mal və məhsullarını Türkiyə üzərindən Qərb bazarlarına çıxara bilməsin. İranın “qarın ağrısı” bununla bağlıdır.
Sərhəd dəyişikliyindən söhbət gedə bilməz. Dediyim kimi, bu demaqogiyadır, özü də çox bəsit və primitiv demaqogiyadır.
- İranın bölgəyə dair fəallığı ABŞ-ın aktivliyi ilə eyni vaxta təsadüf edir. ABŞ nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra İran ritorikasını bir qədər də sərtləşdirib. Üstəgəl, amerikalı spikerin səfəri ərəfəsində İranın Ermənistanla sərhəddə 45 minlik qoşun yığması haqda məlumat yayılmışdı. Sizcə, İran və ABŞ-ın eyni vaxtda fəallaşması təsadüfidirmi? Bir-birinə “düşmən” kimi görünən iki ölkə arasında gizli işbirliyi müzakirə mövzusu ola bilərmi?
- İran və ABŞ arasında heç bir məsələdə, xüsusən də Cənubi Qafqaz kimi çox önəmli bir nöqtədə gizli və açıq işbirliyindən söhbət gedə bilməz. Hər şey sadədədir. İranın aidiyyəti qurumları hələ bir neçə gün əvvəldən Pelosinin İrəvana gələcəyini bilirdilər. Çünki Pelosinin səfəri ABŞ və Rusiyadakı erməni diasporu tərəfindən təşkil olunmuşdu və maliyyələşdirilmişdi. Bu səfərə 78.9 milyon dollar pul qoyulmuşdu. Belə bir məsələnin İran kəşfiyyatının diqqətindən qaçması qeyri-mümkündür.
Bəli, deyildiyi kimi, İran kəşfiyyatı peşəkar deyil, bir çox məsələlərdə uduzur, darmadağın vəziyyətdədir, indi bu ölkənin 8 qurumu arasında parçalanmış durumdadır. Bütün bunlara baxmayaraq, İran kəşfiyyatı əvvəlcədən bu məlumatı əldə etmişdi. Buna görə də İran bizim cənub sərhədlərimiz istiqamətdə təxminən 38 640 nəfərdən ibarət hərbi heyət yığmışdı. Bu addım da amerikalılara qarşı deyildi.
Sadəcə olaraq, İran dişləri tökülmüş və qocalmış bir “şir”dir ki, hamını qorxutmağa çalışır. Sizi əmin edirəm ki, İrandan heç kim qorxmur. İrandan qorxmaq o qədər nonsensdir ki, hətta özünə hörmət edən darbalaq Yəmən Husiləri belə bunu etmirlər. Özləri də guya İrana xidmət göstərirlər.
Pelosinin səfərinə gəldikdə, bu, regionda heç nəyi dəyişə bilməz və dəyişməyəcək. Çünki Pelosinin özü, əmiləri və dayıları necə Amerikadakı italyan mafiyası ilə sıx əlaqədə olublar, indi də Kaliforniyadakı erməni icmasının səslərini almaq adıyla bu səfəri həyata keçirdi. Əslində, bu səfər “erməni icmasının səslərini almaq” məsələsi deyil. Burada əsas məqsəd Rusiya və İranı qıcıqlandırmaq, onları hazırladıqları ssenariləri vaxtından əvvəl aşkarlamağa sövq etmək idi. Bu da oldu.
Amerika bu səfər vasitəsilə dəqiq müəyyən etdi ki, Ermənistanda rusofoblar və rusofillər kimlərdir. İran da bildi ki, Ermənistan hakimiyyətində ona işləyirmiş kimi göstərən, əslində isə ABŞ-dan maliyyələşən adamlar kimlərdir. Yəni hər tərəf öz məqsədinə çatdı.
Dediyim kimi, Pelosinin səfəri heç nəyə təsir edə bilməzdi və etməyəcək. Sadəcə olaraq, Pelosi Vaşinqtonun əlində bir vasitədir, kimi qıcıqlandırmaq istəyirsə, ora göndərir. Durum budur, ABŞ və İran arasında işbirliyi isə tamamilə ağlasığmaz bir məsələdir.
- Dünyanın diqqətinin Tayvan-Çin gərginliyi, Rusiya-Ukrayna müharibəsində olduğu vaxtda necə oldu ki, bütün gözlər birdən-birə Cənubi Qafqaza yönəldi?
- Siyasətdə birdən heç nə olmur. Siyasətdə “birinci dərəcəli önəmli məsələ” və “ikinci dərəcəli önəmli məsələ” deyilən bir anlayış var. Ukraynada baş verən hadisələrə bizdə ikili yanaşma var. Birincilər deyirlər ki, Qarabağın taleyi Ukraynada həll olunur, ikincilər isə bildirirlər ki, bu hadisələrin bizə dəxli yoxdur. Bunların ikisi də çox yanlış yanaşmadır. Tayvan, Ukrayna, Qarabağ, Mali, Malta, Venesuela, hətta Kanadanın Kvebek əyalətindəki gərginliklər belə bir zəncirin halqalarıdır.
Hazırda dünyanın iki güc mərkəzi arasında qarşıdurma gedir: biri Asiyadır, digəri Qərb. Hər iksisi dünyanın əsas enerji mənbələrinə və resurslarına yiyələnməyə çalışır. Dava da bunun üstündə gedir. XXI əsrdəki bütün müharibələrin kökündə iqtisadiyyat dayanır. XX əsrdə də belə olub. Əgər Əfqanıstandakı müharibənin səbəbi bu ölkədən keçəcək qaz kəməri, Suriyadakı dövlət çevrilişinə cəhdin kökündə qaz kəməri layihəsi dayanırdısa, Ukraynadakı savaşın səbəbi də enerji ilə yanaşı, Rusiyanın zəiflədilməsi məsələləridir. Buna görə də Cənubi Qafqazın yaddan çıxacağını düşünmək sadəlövhlük olardı.
Biz hamımız nədənsə düşünürük ki, Cənubi Qafqaz Asiyadan gələn enerji daşıyıcılarını Avropaya aparan bir bölgədir. Belə deyil. Eyni zamanda, Cənubi Qafqaz Qərbi Şərqlə birləşdirən enerji habıdır, nəqliyyat mərkəzidir. Bu baxımdan, Cənubi Qafqazın sadaladığım məqamların arasında yer alması təbiidir, yer almaması isə absurd olardı.
- Bəs maraqları bir-biri ilə uzlaşmayan güclərin Cənubi Qafqazda üz-üzə gəlməsi bölgəni irimiqyaslı qarşıdurma meydanına çevirə bilərmi?
- Cənubi Qafqazda irimiqyaslı qarşıdurma heç vaxt olmayacaq. İlk növbədə, Cənubi Qafqaz belə bir qarşıdurma üçün çox kiçikdir. Cənubi Qafqazın qərbindən şərqinə doğru adi ortamənzilli ballistik raket bəs edir. Yəni burada böyük müharibə teatrından danışmağa dəyməz. Üstəgəl, Cənubi Qafqazın etnik xəritəsi həddindən artıq zəngindir. Müxtəlif dövlətlərin maraqları bu etnik xəritədə toqquşur. Bu maraqların toqquşması da sürəkli olaraq, münaqişələrə səbəb olacaq.
Əgər düşünürüksə ki, ermənilərlə münasibətlərimizi yaxın 10-20-30 ildə həll edəcəyik, mən belə düşünmürəm. Bu problem çox davam edəcək. Çünki nə bizi, nə də Ermənistanı rahat buraxacaqlar. Aramızdakı gərginliyin daim qaynar vəziyyətdə saxlanılması qaçılmazdır. Belə bir münaqişələr Eritreya və Efiopiya arasında, Timor adasında, Cənubi Amerika, Afrikada var. Bu, belə də gedəcək, özümüzü aldatmayaq.