“İran ermənipərəst dövlətdir, Qafqazda Azərbaycanı güclü dövlət kimi görmək istəmir”
“Ərdoğan açıq mesaj verir, gizlənmir, Azərbaycanı konkret müdafiə edir...Turan ideyası istiqamətində ciddi işlər gedir”
İran-Azərbaycan münasibətlərində gərginliyin açıq fazaya keçməsi açıq hiss edilir. İran rejimi İslam əməkdaşlığına və adi qonşuluq prinsiplərinə zidd olaraq Ermənistanı dəstəkləyir, Azərbaycana “hədə-qorxu” gəlmək məqsədilə Araz çayı sahillərində hərbi təlimlər keçirir. Ermənistan isə həm Zəngəzur istiqamətinə ordu cəmləşdirir, həm də sülh sazişindən qaçmaq üçün əlindən gələni edir. Bununla paralel olaraq Bakı Ermənistanı sülhə gətirmək üçün müvafiq addımlar atır, o cümlədən İrandan gələn təhdidlərə boyun əyməyəcəyini, öz milli maraqlarını sona qədər qoruyacağını nümayiş etdirir. Bütün bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri və Zəngilan hava limanının açılışında iştirakı ciddi siyasi addım hesab oluna bilər.
Mediainfo.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədovun Azpolitika.info-ya müsahibəsini oxucularına təqdim edir:
- Vahid müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edir ki, Azərbaycanla üç istiqamətdə sərhəd keçid məntəqəsi qurmağa hazırdır. Daha sonra məlum olur ki, Ermənistan Zəngəzur istiqamətində ordu toplayır. Bütün bu baş verənləri və ümumilikdə regiondakı durumu necə qiymətləndirirsiniz?
- Regionda sürətli proseslər gedir. Eləcə də müəyyən məsələlər var ki, bunlar təəccüb doğurur. Birincisi, Ermənistanın Baş naziri dediyi sözün üzərində dayanmır. Baxın, Moskvada, Astanada, Brüsseldə və Praqada görüşlər oldu. Ümumi razılığa gəlindi ki, ilin sonuna qədər sülh sazişi imzalansın, sərhədlərin müəyyənləşdirilməsilə əlaqədar yaradılan komissiya fəal iş aparsın, xarici işlər nazirləri sülh sazişini hazırlasın və s. Amma İrəvana qayıdan kimi Nikol Paşinyan tamam başqa nağıllar oxumağa başlayır. Bununla paralel olaraq demək olar ki, sərhəddə hər gün gərginlik var, silahlar susmur. Gah Laçın-Kəlbəcər, gah da Tovuz istiqamətində Azərbaycan mövqeləri atəşə tutulur.
Üstəlik, Ermənistan var gücü ilə çalışdı ki, 12-13 sentyabr hadisələrini Azərbaycanın üzərinə yıxsın, amma alınmadı. Paşinyan öz ölkəsinin daxilində ciddi problemlərin olmasına baxmayaraq çalışır ki, vəziyyəti gərginləşdirərək diqqəti daxildəki problemlərdən sərhədlərə cəlb etsin. Bu baxımdan vəziyyət ürəkaçan deyil. Açığı, onun “dayıları” da peyda olub. Daha doğrusu, bu “dayıları” əvvəllər də var idi, indi isə onlar daha da aktivləşiblər. Son vaxtlar Fransa Prezidenti Emmanuel Makronun dediyi sözlər, verdiyi bəyanatlar bu qəbildəndir. Bəli, Prezident İlham Əliyev ona qətiyyətli və əsaslı cavab verdi. Milli Məclisdə də geniş müzakirələr getdi, mətbuatda bu məsələlər haqda fikirlər səsləndirildi.
Deyim ki, Makron bir siyasətçi və dövlət başçısına yaraşmayan fikirlər səsləndirdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, eləcə də Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-da və digər yerlərdə görüşlər keçirdilər, ümumi razılığa gəldilər. Sadəcə Ermənistanda fikir qətiliyi olmadığı üçün məsələlər uzanır və onlar daha çox atəş açmağa, Azərbaycanı təhdid etməyə meyl edirlər. Bu mənada problem ciddidir. Təəssüflər olsun ki, ermənilər əldə edilən razılaşmalara əməl etmirlər, o cümlədən 10 noyabrda imzalanan üçtərəfli sənədə. Əvəzində, silah almağa çalışırlar.
- Bəli, artıq Hindistandan bir partiya silah alıblar, indi də məlum olur ki, Dehlidən yeni dronlar almaq üçün danışıqlar aparırlar...
- Hindistan qəliz dövlətdir, Pakistanla münasibətləri gərgindir, eləcə də Rusiya ilə əlaqələri yaxşı səviyyədə deyil. Hazırda Hindistan çalışır ki, Ermənistana köməklik etsin. İndi məlumatlar var ki, Ermənistan Hindistandan yeni silahlar, o cümlədən dronlar almaq istəyir. Əlbəttə, Azərbaycan dövləti də müəyyən mesajlar verməlidir, yəqin ki, verir də. İntəhası, indi dünya silah bazarında satış elədir ki, buna embarqo qoymaq qeyri-mümkündür. İstənilən dövlət öz siyasətində müstəqildir və müqavilə bağlayaraq silah-sursat sata və ya ala bilər. Sözsüz ki, Hindistanın bu cür davranışı qəbuledilməzdir, yəqin ki, buna cavab olaraq, dövlətimiz tərəfindən də addımlar atılmalıdır.
- Qonşu İran artıq neçə gündür ki, Araz çayı boyu hərbi təlimlər keçirir, Ermənistanın Qafan şəhərində konsulluq açır və sanki bununla da Azərbaycana əzələ nümayiş etdirir. Açıq şəkildə Zəngəzur dəhlizinə qarşı çıxır. Sizcə, İran bununla nəyə nail olmağa çalışır?
- İran da ermənipərəst dövlətdir. 44 günlük savaşda biz bunu əyani şəkildə gördük. Verdikləri bəyanatlara baxmayaraq, açıq şəkildə Ermənistanı dəstəklədilər, ona silah-sursat verdilər. Hətta belə xəbərlər getdi ki, 12-13 sentyabr hadisələri zamanı Ermənistana canlı qüvvə də veriblər. Son bir neçə gündə isə Xudafərin körpüsü ətrafında, Araz çayı boyunca təlimlərə başlayıblar. Mən sual edirəm, Azərbaycanın Araz boyu əraziləri 30 il işğal altında olub, nədən həmin illərdə bir dəfə də təlim keçirmədikləri halda indi hərbi təlimlərə başlayıblar? Özü də Araz üzərindən panton körpü salmaqla. Təlimlərdə həm də təyyarələrdən, dronlardan istifadə edirlər. Düzdür, İranın bəzi rəsmi qurumları elan edirlər ki, bu, təhdid deyil, guya Azərbaycanla razılaşdırılmış təlimdir.
Yəni, bunların siyasəti aydındır. İran Qafqazda Azərbaycanı güclü dövlət kimi görmək istəmir. Bunlar Azərbaycan dövlət başçısının apardığı müstəqil siyasətdən narazıdırlar, istəyirlər ki, ölkəmizdən daha çox nələrsə qoparsınlar. Amma onların Azərbaycana təzyiq imkanları yoxdur.
- Bəs, indiki mərhələdə İran nədən narazıdır?
- Qənaətimcə, Tehranı narahat edən əsas üç məsələ var. Birincisi, Zəngəzur dəhlizidir. Ancaq onlar istəsə də, istəməsə də bu dəhliz açılacaq. Bununla bağlı işlər gedir, dövlət başçısının da siyasi iradəsi qətidir. Dəhlizin açılması ilə İran müəyyən problemlər yaşaya bilər. O cümlədən onun Ermənistanla əlaqələri nəzarətə götürülə bilər. Çünki Zəngəzur dəhlizi böyük logistika mərkəzi olacaq. Bütün dövlətlər faktiki olaraq bu qovşağın yaradılmasının tərəfdarıdır. Məsələn, Çin, Rusiya və digərləri. Amma İran bunun əleyhinədir və dəhlizin açılmasını istəmir.
İkincisi, Türkiyənin bölgədəki vəziyyəti və Turan ideyasıdır. Bu istiqamətdə ciddi işlər gedir. Diqqət edin, Astanada masanın üzərinə Turan sözü yazılan su qoyulmuşdu və bu, kifayət qədər simvolik məna daşıyırdı. Təbii ki, bu istiqamətdə müşahidə edilən hərəkətlilik və ümumi mənzərə kimlərinsə xoşuna gəlmədi. Əlbəttə, bu, Prezident Tokayev tərəfindən atılan maraqlı addım idi. Yəni, bu məsələdə inkişaf var və İran bundan narahatdır.
Üçüncüsü, İran dövləti daxilində proseslər gedir, mitinqlər dayanmır. Məsələn, Ərdəbil şəhərində hətta nümayişçilərə atəş açdılar. Ərdəbil şəhərinin 99 faizi azərbaycanlılardır. Niyə İran azərbaycanlılara aid bircə məktəb, universitet, mədəniyyət mərkəzi açmır? Orada 30 milyona qədər azərbaycanlı var. Biz İrandakı soydaşlarımızı müdafiə edirik və edəcəyik. Onlar bizim soydaşlarımızdır. Onlar üçün şərait yaratmaq lazımdır.
Bu üç məsələ İranı narahat edir. Amma İran öz problemlərinin səbəbini Azərbaycanda axtarmamalıdır. İranın qlobal problemi nüvə istehsalı ilə bağlıdır. Tehran nüvə silahı yaratmaq istəyir, buna da iri dövlətlər imkan vermir. Qısası, İranın problemi ABŞ, Səudiyyə Ərəbistanı, və İsraillədir. Getsin problemlərini onlarla həll etsin.
Azərbaycanla nə problemi ola bilər? Bakı onun daxili işlərinə qarışmır. Hətta dövlət başçımız daim İran dövləti ilə əlaqələrdə humanist münasibət göstərib. İran vətəndaşlarının burada işləməsi və digər bu kimi məsələlər müsbət həll edilib. Lakin onların atdığı addımlar bunun tam əksidir. Odur ki, biz diqqətli olmalı, ordumuzu gücləndirməli, müasir silahlarla təmin etməliyik. Daha çox sərhədlərimizin möhkəm olmasına diqqət etməliyik ki, problem yaranmasın.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan hava limanının açılışında iştirak etdi, Cəbrayılda rəsmi törənlə qarşılandı. Ərdoğanın gəldiyi Zəngilan-Cəbrayıl ərazisinin İranın təlimlər keçirdiyi yerə yaxın olduğunu nəzərə alsaq, bu, İrana mesaj sayıla bilərmi?
- Mesaj ola bilər deyəndə, Ərdoğan açıq mesaj verir, gizlənmir. Ərdoğan Azərbaycanı konkret müdafiə edir. 44 günlük müharibədə Prezident Ərdoğan, eləcə də onun müdafiə, xarici işlər və digər nazirləri bizim yanımızda olub. Ötən dəfə cənab Ərdoğan Füzuli hava limanının açılışında iştirak etdi, bu gün də Zəngilanda hava limanının açılışına qatıldı. Əlbəttə, bu, olduqca əhəmiyyətlidir və Azərbaycana dəstəkdir.
İkincisi, mən hərdən qulaq asıram, bəzi mütəxəssislər deyirlər ki, ümumiyyətlə, Qarabağda bir-birinə yaxın üç hava limanına nə ehtiyac var. Fikrimcə, bu bölgə ilə bağlı dövlət başçısı elə siyasət aparır ki, 100 illər boyu Azərbaycan buraları qoruyub saxlaya bilsin. Diqqət edin, oralarda böyük quruculuq işləri gedir. Hava limanlarının açılması strateji məsələdir, həm də bu, iqtisadi cəhətdən gəlir gətirən sahədir. Üstəlik, nəzərə almaq lazımdır ki, buralar turizm üçün cəlbedici yerlərdir. Yəni, gələcəkdə bu ərazilərə insan axını çox olacaq. Bunların hamısı vacib işlərdir.
Nəhayətdə Türkiyə dövlətinin Azərbaycanın yanında olması faktdır, bunu heç kim gizlətmir də. Azərbaycan da Türkiyənin yanında olduğunu gizlətmir. İransa anlayır ki, Azərbaycanı təhdid etmək niyyətinə düşsə, qarşısında həm də Türkiyəni görəcək. Çünki Şuşa Bəyannaməsinə əsasən bizim təhlükəsizliyimizə Türkiyə, Türkiyənin təhlükəsizliyinə Azərbaycan qarantdır. Odur ki, bunlar hər kəsə bəllidir və məlumdur.
- İndi regionda baş verən proseslər fonunda Ermənistanla sülh sazişinə nail ola bilərikmi?
- Ermənistanı məcbur etmək lazımdır ki, sülh sazişini imzalasın. Paşinyanın əsas problemi odur ki, daxildən ehtiyat edir, Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlməyə çalışan Sarqsyan-Koçaryan müxalifətindən müəyyən qədər çəkinir və beləcə, çalışır ki, sülh sazişini uzatsın. Sülh müqaviləsi imzalanandan, sərhədlərin dəqiqləşdirilməsi işinə başlanandan sonra mümkündür ki, Paşinyan istefa verməli olsun. Yəni, vəziyyət çətindir. Amma hamı anlamalıdır ki, bu məsələ artıq öz həllini tapmalıdır. Dünya faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Paşinyan sülhə getməlidir, nə qədər tez getsə, bir o qədər Ermənistana xeyirdir. Azərbaycan və Türkiyə ilə əlaqə qurmasa İrəvanın vəziyyəti çətin olacaq.
- Deyirsiniz ki, Paşinyan bilərəkdən sülh sazişinin imzalanmasını uzadır. Bunun qarşısının alınması üçün nə etməliyik, yenidən hərbi gücə baş vurulmalıdırmı?
-Mən sizə deyim ki, hər şey ola bilər. Əgər Ermənistan bu cür davam edəcəksə, hər gün atəş açacaqsa, bu halda başqa yolumuz qalmır. Odur ki, bütün hazırlığımızı görməliyik. Həm İran tərəfdən, həm də Ermənistan tərəfdən. Baxmayaraq ki, danışıqlar gedir və getməlidir. Mən danışıqları alqışlayıram və zənnimcə, danışıqları daha çox Avropa platformasında aparmaq lazımdır. Çünki onlar da çalışırlar ki, problem sürətli şəkildə həll edilsin. Hazırda Ukrayna savaşına görə Avropada qaz böhranı yaşanır. Biz də qaz-net ölkəsiyik. Qısası, Paşinyan anlamalıdır, əgər anlamırsa onu başa salmağın yolu “dəmir yumruq”dur.