“Vəsiyyət etdi ki, mən ölsəm, Ərdəbildən torpaq gətirib məzarımın üstünə tökərsən...”

“Vəsiyyət etdi ki, mən ölsəm, Ərdəbildən torpaq gətirib məzarımın üstünə tökərsən...”

Mediainfo.az xəbər verir ki, görkəmli sənətkar Rübabə Muradovanın bacısı Tahirə Muradova Moderator.az-ın suallarını cavablandırıb.

- Tahirə xanım, ailədə neçə övlad olmusunuz?

- Ailədə 7 övlad olmuşuq, iki qardaş, beş bacı. Ən axırıncı övlad mən olmuşam. Rübabə baxım bizə tərbiyə, təhsil və çörək verib. Elə humanist insan idi ki. Mən hələ onun kimi adam görməmişəm. Sənətinə də söz yox idi, insanlığına da. Ağzımızdan bir söz çıxan kimi həmin şey o dəqiqə hazır idi. Onun Leylisindən, Əslisindən, Ərəbzəngisindən doymaq olmurdu.

- Siz də ifaçı olmusuz, amma gəlin etiraf edək ki, Rübabə xanımın səsi fərqli idi, heç bir səsə oxşamırdı.

- Əlbəttə! Nəinki biz bacıların səsi, onun səsinə incəsənət aləmində bənzər səs yoxdur. Bəzən mənə tərif kimi deyirlər ki, səsin Rübabənin səsinə oxşayır. Mən bu sözdən çox hirslənirəm. Xahiş edirəm ki, elə deməyin. Özüm üçün oxuyuram, amma mən Rübabə ola bilmərəm. Xarici görkəmimi oxşadırlar. Buna bir söz deyə bilmərəm. Çöldə məni görəndə deyirlər ki, Rübabə gəlir.

- Rübabə xanım Ərdəbildə doğulub. Oranı necə tərk etdiyini sizə danışıb?

- Atamız Mirzə Xəlil Şiraqi həkim, din xadimi olmaqla yanaşı, gözəl ney çalmağı, İran və Azərbaycan muğamlarını yüksək səviyyədə oxumağı bacarırdı. Ailəmiz 1946-cı ildə Azərbaycana mühacirət edib, bu zaman Rübabənin 14 yaxud da 15 yaşı olub. 10 dəqiqə gec keçsəydilər hamısını güllələyəcəkdilər. İrandan gəlib Astarada məskunlaşıblar. Qaçqın necə olar? Evsiz-eşiksiz! Sağ olsun millətimiz onlara köməklik edib. Salyana köçəndən sonra Rübabə oxumağa başlayıb. Mən və Pərvanə bacım Salyan rayonunda doğulmuşuq. Rübabə müğənni olandan sonra onu Opera və Balet teatrına dəvət ediblər. Rübabə Leyli obrazını ağlaya-ağlaya oxuyurdu, amma səsi qəhərlənmirdi. Raç Kapur hətta gəlib görüb onu Hindistana dəvət etmişdi, çünki hindlilərə oxşadırdı Rübabəni. Amma Rübabə getməmişdi.

- Vətən həsrəti Rübabə Muradovanın yaradıcılığında və ifalarında xüsusi yer tutur. Vətənini, doğma torpağını çox sevməsi heç kimə sirr deyildi.

- Rübabə qədər vətənini sevən, onun üçün qurban-sadağa gedən ikinci adam görməmişəm. O elə vətən hərsəti ilə də dünyasını dəyişdi. Deyirdi ki, iməkləyə-iməkləyə gedib həyətimizi taparam, o həyətdə qızıl gülləri iyləyərəm. Tez-tez yadına düşürdü, deyirdi və ağlayırdı. O vaxt axı sərhədlər bağlı idi. İndiki kimi olsaydı bəlkə də Rübabə ölməzdi.

- Onun doğma vətəni ilə görüşü də ürəkləri dağlayan bir hadisədir. O necə baş vermişdi?

- Astaraya qastrol səfərinə gedəndə sərhəddə dayanıb ağlayıb. Deyib ki, sərhədi açın, 5 dəqiqə də olsa gedim torpağımı görüm. O vaxt belə bir qanun yox idi ki, sərhəd açılsın. Amma sağ olsunlar Rübabənin xətrinə bunu ediblər. Sərhədi keçən kimi ürəyi gedib, torpağın üstünə yıxılıb. Sonradan özünə gəlib, torpağı əlinə götürüb iyləyib. Baba Mahmudoğlu da onunla birlikdə olub. O danışırdı ki, Rübabə necə qəhərlənmişdi, necə ağlayırdı!

- Səhv etmirəmsə Rübabə xanım doğma torpağı ilə bağlı sizə vəsiyyət də etmişdi. O nə vəsiyyət idi və yerinə yetirdinizmi?

- Mənə demişdi ki, mən ölsəm sən sağ qalsan gedib ordan torpaq gətirib, məzarım üstə tökərsən. Mən onun bu arzusunu, vəsiyyətini yerinə yetirdim. Ərdəbilə gedib, evimizi tapdım. Evimiz Alatava məhəlləsində, Şah məscidinin yanında idi. Gedib gördüm ki, orada başqa adamlar yaşayır. Dedim ki, qorxmayın, mən filankəsəm, bu evin sakini olmuşam. Orada ağaclar da var idi, quyu da. Torpağı gətirib Rübabənin məzarının üstünə tökdüm. Elə rahat oldum ki.

- Rübabə xanımı bu gün necə yad edirsiz?

- Doğum və anım günlərində hər zaman məzarının üstünə gedirik, dualar oxuyuruq. Rübabə bu günki günə qədər sevilir, hər zaman fanatları olub. Onun mahnılarını nəinki yaşlı və orta nəsil, cavan nəsil də sevir. Bir misal çəkmək istəyirəm. Bizim bir tanışımız var idi, o vaxt Müslüm Maqomayevlə görüşüb. Müslüm öz maşınında onları gəzdirib. Görüb ki, Müslümün maşınında Rübabənin diski var. Ona sual veriblər ki, siz rus dilində müasir mahnılar oxuyan sənətkarsınız, nə yaxşı muğama qulaq asırsınız? Deyib ki, siz nə danışırsınız?! Mən Rübabənin mahnıları ilə yaşayıram, hər gün oxutdururam. Rübabə əvəzedilməz müğənni idi. Bu gün fikir vermisinizsə müğənnilər 2-3 mahnı oxuyur, sonra unudulur. Nə özləri yadda qalır, nə də ki, mahnıları. 1 əsr keçəndən sonra da Rübabə elə Rübabə olaraq qalacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az