Azərbaycan təhsili 1920-1930-cu illərdə inkişaf etdirildi

Azərbaycan təhsili 1920-1930-cu illərdə inkişaf  etdirildi

Ötən əsrin 20-30-cu illərində Azərbaycanda təhsil sahəsində bolşevik rejiminin ideologiyasına uyğun şəkildə islahatlar davam etdirilməyə başladı. Əslində faktiki olaraq 1920-1930-cu illərdə Azərbaycanda təhsil sahəsində həyata keçirilən tədbirlər adı çəkilən sahədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan analoji təhsil islahatlarının davaml idi. Belə ki, bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təhsil sahəsində həyata keçirilən islahatları fəhlə və kəndlilərin maraqlarının təmini kimi izah etməyə və məsələdən bu yolla xalq arasında rəğbət qazanmaq üçün təbliğat vasitəsi kimi istifadə etməyə başladı. Fəhlələr və kəndlilər üçün təhsilin əlçatan olması və savadsızlığın ləğvi uğrunda işğalçı bolşevik rejimi tərəfindən həyata keçirilən islahatlar əslində qeyd etdiyimiz kimi AXC hakimiyyəti dövründəki analoji tədbirlərdən öz maraqlarına uyğun şəkildə istifadə edirdilər. Bolşeviklər məhz təhsil sahəsində AXC tərəfindən həyata keçirilən tədbirləri öz adlarına çıxaraq onu özlərinin fəhlə-kəndli hakimiyyəti ideologiyası üzərində inkişaf etdirməyə başladılar. Bu müstəvidə də bolşeviklər tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlara uyğun olaraq müstəqil cümhuriyyətimizin Xalq Maarif Nazirliyi ləğv edilərək onun nümunəsi əsasında Xalq Maarif Komissarlığı təsis edildi. Buna paralel olaraq yenə də AXC tərəfindən planlaşdıırlan, lakin bolşevik işğalı nəticəsində həyata keçirilməsinə imkan verilməyən ibtidai (birinci pillə 5 illik) və ikinci pillə (7 illik təhsil) təhsil bolşeviklər tərəfindən reallaşdırılmağa başlandı. Yenə də bütün bunların əsasında ilk növbədə mövcud rejimin yerli əhali arasında öz ideologiyasına uyğun olan kadrlar hazırlamaq dayanırdı. Bu məqsədlə də bolşeviklər işğalçılıq siyasətlərini ört-basdır etmək üçün demaqoqcasına fəhlə-kəndli hakimiyyəti adı altında çıxış edir, özlərini onların tərəfdarları kimi qələmə verirdilər. Təhsil sahəsində AXC-nın təcrübəsindən gen-bol istifadə edən bolşevik rejimi tərəfindən 1924-1925-ci illərdə tam 7 illik təhsilə keçidə başlanıldı. Buna paralel olaraq həmin dövrdə məktəblərdə müəllim çatışmazlığını nəzərə alan işğalçı rejim tərəfindən 1926-cı ildə müəllim kadrları hazırlayan məktəblər (bir və iki illik texnikum tipli müəssisələr) açıldı. Yeri gəlmişkən onu da deyək ki, 7 illik təhsil sistemi onu bitirənlərə həm də orta ixtisas məktəblərində oxumaq, təhsilini davam etdirmək imkanı verirdi. Bundan əlavə 9-cu sinifdən ibarət orta təsilə də keçid başladı. Orta təhsili bitirənlər isə öz növbələrində ali məktəblərə daxil olmaq hüququna malik idilər. Bütün bu islahatlar AXC hakimiyəti dövründə nəzərdə tutulanlara uyğun şəkildə həyata keçirilirdi. Yəni bolşevik Rusiyası tərəfindən Azərbaycanda həyata keçirilən təhsil islahtalarının əsasında AXC-nin öncədən müəyyən etdiyi kriteriyalar dayanırdı. Bu islahatlar bolşevik Rusiyası ölkəmizi işğal etməsəydi və onların demaqoqcasına iddia etdikləri kimi respublikamızda “ fəhlə-kəndli” hökuməti qurulmasaydı , yenə də milli müstəqilliyimizə uyğun şəkildə daha yüksək səviyyədə inkişaf etdiriləcəkdi. Ötən əsrin 20-30-cü illərində bolşevik Rusiyası tərəfindən AXC hakimiyyyəti tərəfindən təməli qoyulan elliklə savadsızlığın ləğv edilməsi də həyata keçirildi. Bu məqsədlə 1920-ci ilin sentyabr ayında Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində Savadsızlığı ləğvetmə üzrə Mərkəzi Komissiya yaradılmışdı. Komissiya tərəfindən əhalinin bütün təbəqələrini əhatə edən savadsızlığı ləğvetmə məktəbləri və kursların fəaliyyəti təmin edildi. Əhali arasında savadsızlığı ləğv etmək və bu prosesi sürətləndirmək məqsədi ilə 1923-cü ilin dekabr ayında “Savadsızlıqla mübarizə komitəsi” yaradıldı. Bu komitənin səyləri, eyni zamanda əhalinin müxtəlif təbəqələrinin fəallığı nəticəsində qısa müddətdə on minlərlə insan oxuyub-yazmağı öyrəndi. Əhali arasında savadsızlığın ləğv edilməsini dha qısa müddətdə başa çatdırmaq üçün 1924-cü ilin iyul ayında daha bir təşkilat “Rədd olsun savadsızlıq” cəmiyyəti quruldu. Bu cəmiyyət də əhali arasında elliklə savadsızlığın ləğv edilməsində önəmli rol oynadı. Bolşevik sistemi tərəfindən eyni zamanda savadsızlığın ləğv edilməsi çərçivəsində rejimi tərifləyərək göylərə qaldırıb AXC hökumətini gözdən salan, onu milli düşmənimiz hesab edən güclü təbliğat maşını da işə salınmışdı. Təbii ki, əhalinin böyük hisssəi təzə-təzə oxuyub-yazmağı öyrəndiyi və dünyada baş verən hadisələrdən tam şəkildə bixəbər olduğundan bolşevik təbliğatı zehinlərə təsir edirdi. Nəticədə tədricən istər savadsızlığını kurslarda aradan qaldıran orta və yaşlı nəslin təbəqələri, istərsə də məktəblərdə təhsil alan yetişməkdə olan gənc nəsil arasında saxta bolşevik təbliğatına inanaların sayı artmaqda idi. Bolşevik Rusiyası AXC tərəfindən fəaliyyətinə icazə verilən müsəlman məktəb və mədrəsələrini də özü üçün böyük təhlükə mənbəyi kimi görməkdə idi. Ona görə də 1920-1930-cu illərdə həmin məktəblərin tədricən ləğv edilməsinə başlanıldı. Həyata keçirilən sərt tədbirlər nəticəsində mollaxanalar, mədrəsələr və digər dini təhsil müəssisələri tamamilə ləğv edildi, onların binaları isə ibtidai və orta məktəblərə verildi. Bununla da Azərbaycan əhalisinin milli, mənəvi və dini köklərindən, öz keçmişindən ayrı salmaq siyasəti daha geniş şəkildə həyata keçirildi.

Bolşevik Rusiyası tərəfindən Azərbaycanda həyata keçirilən islahatlar zamanı məktəblərin dərsliklərlə təmini önəmli problemlərdən birinə çevrilmişdi. AXC hakimiyyəti hələ 1918-1920-ci illərdə məktəblərin dərsliklərə olan tələbatınl ödəmək məqsədi ilə böyük həcmdə maliyyə vəsaiti ayırmışdı. Bu məqsədlə AXC dövründə milli maraqlarımıza cavab verən dərsliklər hazırlanmışdı. Bolşeviklər də ilk dövrlərdə məktəblərin dərsliklərə olan tələbatını təmin etmək üçün sovet hakimiyyətinə qədərki dövrdə tərtib olunmuş ana dilinə aid ibtidai sinif dərsliklərindən istifadə etdilər. Dərsliklərə olan tələbati minimum səviyyədə təmin etmək üçün 1921-ci ilin iyun ayında Xalq Maarifi Komissarlığı nəzdində Nəşriyyat şöbəsi yaradıldı. Bundan 3 il sonra 1924-cü ildə isə bu şöbənin əsasında Xalq Maarifi Komissarlığının tabeliyində olan Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr" yaradıldı. Bütün bunlara paralel olaraq həmin dövrdə bolşevik Rusiyasının təhsil siyasətini həyata keçirən Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən AXC hakimiyyətinin təhsil müəssisələrində istifadə edilən dərsliklər müəyyən dəyişikliklərlə yenidən çap edildi. Həmin dərsliklərin arasında AXC Xalq Maarif Nazirliyinin sifarişi əsasında hazırlanan Abdulla Şaiq Talıbzadənin "Uşaq gözlüyü" əlifba kitabı, Mahmud bəy Mahmudbəyovun "İkinci il" dərsliyi də var idi. Buna paralel olaraq 20-ci illərdə M.Mahmudbəyovun 1907-1908-ci illərdə nəşr etdirdiyi "Türk əlifbası və ilk qiraət", S.Axundzadə, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Talıbzadə və digərlərinin müəllifi olduğu kitablardan dərslik kimi bolşevik məktəblərində istifadə edilirdi. Məktəblərdə dərsliklərə olan tələbatın ödnilməsi üçün A.Əfəndizadənin "İkinci il", M.Mahmudbəyov və A.Səhhətin "Üçüncü ilə məxsus qiraət", A.Şaiqin IV-V siniflər üçün "Qiraət kitabı", A.Əfəndizadənin "Türk əlifbası" dərslikləri də yenidən işlənərək müəyyən düzəlişlərlə məktəblərin istifadəsinə verildi. İşğalçı rejimin göstərişləri və verdiyi əmrlərə uyğun olaraq ilk mərhələdə AXC hakimiyyətinə xidmət edən görkəmli pedaqoq və maarifpərvər xadimlər də yeni dərsliklərin hazırlanması prosesinə cəlb edilmişdi. Bu müstəvidə də 1922-ci ildə Azərbaycanın məşhur pedaqo və maarifpərvər xadimləri olan M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, S.Axundzadə, A.Talıbzadə və A.Əfəndizadə tərəfindən ərəb və latın əlifbalarının qarşılıqlı təliminə imkan verən "Yeni türk əlifbası" dərsliyini hazırlandı. Öz növbəsində Xalq Maarif Komissarlığı tərəfindən yaradılan Ana dili komissiyası da yeni dərsliklərin hazırlnması üçün müəyyən işlər həyata keçirdi. Komissiyanın tapşırıqları əsasında İsmayıl Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə, Cabbar Əfəndizadə və Mustafa Tofik tərəfindən "Türkcə sərf-nəhv" ("Azərbaycan dilinin qrammatikası") dərsliyi hazırlandı və 1924-cü ildə nəşr edildi.

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az