“Avropa İttifaqının yeni sanksiyalar paketi hökumət əleyhinə nümayişçilərə qarşı təzyiqlərə görə Avropada məsul hesab edilən 30 iranlı xadimə təsir göstərə bilər”.
Mediainfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna “Le Parisien” qəzetinə müsahibəsində deyib.
“Bir neçə sanksiya paketi qəbul edilib. Biz repressiyalara görə məsuliyyət daşıyan 30 nəfərə qarşı yönələcək Avropa səviyyəsində yeni sanksiyalar tələb etmişik. Bunu Brüsseldəki nazirlər yekunlaşdırmalıdır” - deyə, o bildirib.
Nazir qeyd edib ki, Paris gənc iranlı qadınları dəstəkləməyə davam edəcək və dinc nümayişçilərə qarşı vəhşicəsinə repressiyaları pisləyəcək.
Eyni zamanda o, İranda casusluqda şübhəli bilinərək saxlanılan fransızların taleyini izlədiyini bildirib. Onun sözlərinə görə, bu yaxınlarda daha iki nəfər saxlanılıb - beləliklə onların ümumi sayı yeddiyə çatıb:
“Biz onların dərhal azadlığa buraxılmasını və konsulluq müdafiəsinə çıxışını tələb edirik. Uzun və çətin söhbət etdiyim iranlı həmkarım bu giriş hüququna hörmətlə yanaşmağı öhdəsinə götürdü, indi biz bu vədlərin həyata keçməsini gözləyirik”.