Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.
Mediainfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.
Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.
Tuncay Abbasovun atası, deputat Aqil Abbas məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, məsələdən xəbərsiz olduğunu söyləyib.
“Oğlumun 38 yaşı var. Şəxsi işidir, mənim xəbərim yoxdur. O ayrı ailədir, mən ayrı. Deməli, işdə nöqsanlara yol verib ki, töhmət alıb. Rastlaşanda, soruşacam”.