Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın özü də müharibə təzyiqi altındadır. Prezident İlham Əliyevin Şuşada Zəfər günü verdiyi sərt bəyanatlara onun adekvat reaksiya verməməsi fonunda bu dəfə Paşinyanı Azərbaycana qarşı zəiflik göstərməkdə ittiham edəcəkdilər. Eyni zamanda Paşinyan üzərinə düşən məsuliyyəti bölüşməyə də can atır. 44 günlük müharibədə uduzmasına baxmayaraq Paşinyan təkrar seçkilərdə yenə parlamentdə yer çoxluğu əldə etdi. İndiki vəziyyətdə də o, eyni siyasəti davam etdirir.
Mediainfo.az xəbər verir ki, bunuTeleqraf.com-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun fikrincə, Paşinyan guya Azərbaycanın təzyiqlərinə boyun əymədiyini göstərməyə çalışır ki: “Daha sonra isə Paşinyan növbəti proseslərdə özünü kənarda tutmaq üçün bu gedişləri edir. Ehtimal var ki, bu dəfə Azərbaycan-Ermənistan sərhəddində deyil, Qarabağ ərazisində baş verəcək mümkün qarşıdurmada o yenə də məsulliyyətdən yayına bilsin. O hətta çıxıb erməni cəmiyyətinə deyəcək ki, “baxın, görün mən boyun əymədim, sona kimi mövqe göstərdim. Amma yekunda mənim burada edə biləcəyim çox da bir şey yoxdur”.
Fərhad Mehdiyevə görə, N.Paşinyan hər hansı bir siyasi uğursuluğu öz üzərində saxlamamaq üçün bunları edir: “Ümumilikdə isə proseslərin gedişi onu göstərir ki, tərəflər arasında yenidən hərbi toqquşmaların olması da mümkündür. Çünki sülhməramlılar Qarabağ ərazisinə tam nəzarət edə bilmir. Qanunsuz erməni silahlı dəstələri hələ də burada qalmaqdadır. Bu isə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın 3-cü bəndinin birbaşa pozulmasıdır. N.Paşinyan da son açıqlamasında deyib ki, “həmin silahlıların Qarabağda qalması oradakı erməni əhalinin təhlükəsizliyi üçündür. O qanunsuz silahlıların orada qalmasına bu cür haqq qazandırmağa çalışır. Amma fakt odiur ki, bu qanunsuz silahlılar razılaşmaya zidd olaraq buradadır. Bu da öz növbəsində gərginliyə yol açır. Belə olan halda razılaşma pozulur və yenidən müharibə rejiminə geri qayıdılır. Azərbaycanın isə öz ərazisində antiterror əməliyyatı keçirməsi beynəlxalq hüquqla təsbit edilmiş haqqıdır”