“Bir neçə il bundan öncə Moskvadan, “Mostfilm”dən bir təklif almışdım. Orda da ssenari bir az qarışıq idi. Təbii ki, mən bir neçə insanla məsləhətləşdim və öz qərarım da belə oldu ki, çəkilə bilmərəm. Çünki orada müsəlman ərəb qadınını oynamalı idim, ssenari tərəfindən o qədər haqsızlıq var idi ki. Mən bunları bilmirdim, oxuyandan sonra başa düşdüm. Onlara da dedim ki, bu rol bəlkə də mənə məşhurluq gətirəcək, amma öz ölkəmə gedəndə hər kəs məni qınayacaq”.
Mediainfo.az xəbər verir ki, bunu əməkdar artist Vəfa Zeynalova Moderator.az-a açıqlamasında deyib. O daha sonra filmlərdə açıq-saçıq səhnələrə də münasibət bildirib.
“Biz həddindən artıq qonaqpərvər xalqıq. Hətta deyərdim ki, qonaqpərvərlikdə birinci yerdəyik, belə ki, öz yatağımızı belə qonağa veririk. Bunu ancaq biz edə bilərik. Hər zaman başqasının məhsulunu alqışlayırıq, dəyər veririk. Amma özümüzünkünü görəndə deyirik ki, bu bizimdirsə yaxşı olmayacaq. Özümüz-özümüzə dəyər vermirik. Həmçinin də filmlərimizdəki açıq-saçıq səhnələrə dəyər vermirik. Buna sənət gözü ilə baxanda hər şeyin normal olduğunu görmək olur”, - deyə aktrisa bildirib.
Vəfa Zeynalova rejissor olmayan, amma film çəkmək iddiasında olanlardan da danışıb.
“İndi heç bilinmir tələbədir, nədir, bəzən həmin insanların incəsənətə belə aidiyyatı olmur. Nəsə çəkirlər, düşünürlər ki, mən bunu satacam, qazanc əldə edəcəm, yoldan keçəni çəkəcəm, filan rollara aktyor lazım deyil, küçədən tanış-biliş, evdən xalanı, bibini çəkəcəm. Bu sənət deyil. Biz özümüz-özümüzü aldadırıq, qazanc əldə edirik. Nəticədə gələcək nəsillərimiz əziyyət çəkir. Bəzən məndən kimsə məsləhət alanda ki, hansı filmi gedib kinoteatrda izləmək olar? Mən bilmirəm ki. hansı filmin adını çəkim. Hamısı jarqondur. Bundan istifadə edib yalançı gülüş qazanmaq olmaz”, - deyə əməkdar artist bildirib.
“Vəfa xanım, teatrda intriqalarla üzləşmisiniz?” sualına isə aktrisanın cavabı belə olub.
“Uzun illərdir teatrda çalışıram. Tam səmimi deyirəm. O vaxt teatra gələndə böyük dəstək görmüşəm. Hətta özüm də eşidirdim, danışırdılar ki, filankəs filankəsə mane olurdu, paltarını kəsirdilər, ayaqqabısına şüşə tökürdülər. Mən bunların heç biri ilə rastlaşmamışam. İnsan həmkarlarına necə hörmət qoyursa, onun da qarşılığını görür, - deyə aktrisa bildirib.