Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub.
Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.
O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olub. Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.
Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazırıb.
Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.
Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif etmişdir.
Hikmət Mirzəyev "Vətənə xidmətə görə", "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", 3 dəfə "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunub.