Ukraynanın şikayəti operativ şəkildə Beynəlxalq Ədalət Məhkəməsinin icraatına götürülüb; Fərhad Mehdiyev: “Heç vaxt Azərbaycana bu diqqət göstərilməyəcək, çünki...”
Ukraynanın Rusiyaya qarşı hərbi cinayətlərlə bağlı şikayətini artıq Beynəlxalq Ədalət Məhkəməsi (BMT-nin Haaqa tribunalı) icraata götürüb. “Yeni Müsavat” bildirir ki, Böyük Britaniya və daha 37 dövlət də paralel olaraq Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Ukraynadakı müharibə cinayətlərini araşdırmağa çağırıb.
Sənəddə deyilir ki, 38 ölkədən ibarət qrup tərəfindən verilmiş müraciətlər prokurora məhkəmənin təsdiqini gözləmədən dərhal istintaqa başlamağa imkan verəcək. Belə görünür ki, Rusiya liderinin Serbiyanın keçmiş cəlladı Slobadan Miloşeviç kimi hərbi tribunala çıxarılması, həmçinin rus ordusunun törətdiyi müharibə cinayətləri haqda hökmlər verilməsinə zəmin hazırlanır. Ukrayna prezidenti də deyib ki, böyük təzminat tələbi olacaq.
İkinci yandan, rəsmi Kiyevin, Avropa dövlətlərinin bu təşəbbüsü və qibtəedici operativliyi bizim Ermənistana qarşı analoji iddiamızın da tezləşməsini şərtləndirir. Bizə qarşı 30 ildə edilən müharibə cinayətləri, 44 günlük savaşda şəhərlərimizə kasetli bombalar atılması, mülki əhalinin öldürülməsi, həmçinin Xocalı soyqırımını törətmiş Sərkisyan, Köçəryan, Balasanyan kimi qatillərin Haaqa Tribunalında mühakimə edilməsi tezləşdirilməlidir, çünki çox gecikib. Amma sual yaranır - BMT məhkəməsi Ukrayna üçün göstərdiyi çevikliyi Azərbaycana münasibətdə də sərgiləyə bilərmi?
Bu arada ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib ki, Rusiyanın Ukraynada yasaq edilmiş kaset bombalardan istifadə etməsinə dair sübutlar var. Yeri gəlmişkən, 44 günlük müharibədə ermənilər də belə bombalardan Azərbaycanın dinc əhalisinə qarşı istifadə eləmişdilər. Amma ABŞ, Avropa buna susqun qaldı, əksinə, “Amnesty İnternational”ın yaydığı hesabatda həyasızcasına Azərbaycan günahkar çıxarıldı. Guya biz Ermənistanda məktəbləri, bağçaları bombalamışıq. Yəni “ikili standart”lar bu məsələdə də davam edir. Hərçənd Ermənistanın müharibə cinayətləri Rusiyanın etdiklərindən qat-qat ağırdır.
Ümumiyyətlə, Ermənistan Azərbaycan torpaqlarını illərlə işğal altında saxlayan bir dövlət kimi məsuliyyətə cəlb olunmalıdır: Gəncə, Mingəçevir və Bərdəyə raket hücumları, eləcə də Tərtər, Ağdam və Füzuli istiqamətində davamlı olaraq dinc sakinlərin artilleriya atəşinə tutulması ilə bağlı faktlar beynəlxalq məhkəmələrə təqdim olunmalıdır. Hələ torpaqlarımız işğal altında olarkən Ermənistanın müxtəlif hüquq müdafiəçiləri Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə 1200 iddia qaldırmışdı. Azərbaycan tərəfdən isə bu olar 30, maksimum 35. Ona görə bu işdə indi daha fəal olmalıyıq.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, burada bir amma var və onu nəzərdən qaçırmaq olmaz. Ekspert Haaqa Tribunalının heç vaxt Azərbaycana bu diqqəti göstərməyəcəyini hesab edir. “Çünki nə biz, nə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin statusuna qoşulmuşuq. Azərbaycan və Ermənistan qoşulmadığı üçün onların müraciətlərinə də baxılmır. Amma Ukrayna 2015-ci ildə bu statusa qoşulub”, -deyə F.Mehdiyev qeyd etdi.
Onun fikrincə, əslində, qoşulmalı idik, amma heç biri üzv olmadı: “Odur ki, biz ancaq Avropa Məhkəməsinə müraciət edə bilərik, o da fərdi qaydada mümkündür”.
F.Mehdiyev güman edir ki, BMT məhkəməsi Ukraynanın Rusiya ilə bağlı şikayətinə baxılmasını sürətləndirə bilər, lakin beynəlxalq məhkəmələr tez işləmirlər, qısa zamanda nəticəni açıqlamayacaqlar.
Onu qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan Rusiyanın törətdiyi hərbi cinayətlərlə bağlı araşdırmaya başlanıldığını bildirib. Bundan əvvəl Kərim Xan istintaqa başlamaq üçün məhkəmənin Prezident Şurasına müraciət edəcəyini bildirsə də, 38 ölkənin tribunala müraciəti ona dərhal işə başlamaq üçün əsas verib.
Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır, qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır. Beynəlxalq Məhkəmənin səlahiyyətləri ancaq dövlətlər arasındakı mübahisələrə aiddir. Dövlətlər arasındakı mübahisələrə bütün tərəflərin razılığı ilə baxıla bilər. Məhkəmənin səlahiyyəti dövlət üçün məcburi yox, yalnız fakültətivdir. Məhkəmədə 15 hakim olur və onlar əsasən BMT-yə üzv dövlətlər arasından, BMT-in Baş Assambleyası və BMT-in Təhlükəsizlik Şurası tərəfindən müstəqil şəkildə seçilir.Musavat.com