Heyətdə rotasiya elədim. Sonlarda bəxtimiz gətirdi.
Mediainfo.az xəbər verir ki, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis Bakıdakı qarşılaşma ilə bağlı danışarkən qeyd edib ki, güclü rəqibə qarşı oynayıblar: “Qarabağ” çox gözəl futbol nümayiş etdirdi, işimizi çətinləşdirdi. Qurban müəllim burada möhtəşəm iş görüb. Rəqib gözəl futbol oynadı. Komandamın bu gün bəxti gətirdi ki, buradan 1 xalla qayıdırıq”.
Rəqib baş məşqçi Avropa Liqasında “Qarabağ”ın bütün oyunlarını izlədiyini qeyd edib: “Onların qrupda bəxtləri gətirmədi. Bu oyun, bu mentalitetlə Konfrans Liqasında çox irəli gedə bilərlər. Avropa Liqasında pley-offa yüksəlməmək “Qarabağ” üçün bəxtsizlikdir”.
“Frayburq”un çalışdırıcısı “Qarabağ”la oyundan əvvəl Azərbaycanı tanımadığını bildirib: “Qarabağ”ın oynadığı futbola böyük simpatiyam var. Xüsusən də, “Viktoriya” ilə matçda bəxtiniz gətirmədi. “Qarabağ”ın oyunundan həzz alırdım”.
Kristian Ştrayx Avropa Liqasında “Qarabağ”ın, yoxsa “Nant”ın yolunu davam etdirməyə daha layiq olması ilə bağlı sualı cavablayarkən bildirib ki, futbolda bəxt amili az rol oynamır: “Nant”a qarşı da oynamışıq. Sonda kimin xalı çoxdursa, o da vəsiqə qazanır. Bu günlə bağlı deyə bilərəm ki, bəxtimiz gətirdi”.
Rəqib çalışdırıcı “Qarabağ”dan hansısa oyunçunu komandasına cəlb edə bilmək ehtimalı ilə bağlı danışarkən qeyd edib ki, “Qarabağ”ı Konfrans Liqasında izləyəcək: “Onlara qarşı iki oyundan sonra başa düşürəm ki, Qurban Qurbanov niyə uzun müddətdir burada çalışır. Futbolda bu, normal hal deyil. “Frayburq”da kifayət qədər oyunçu var. Komandamıza çox futbolçu cəlb edə bilmərəm. Kvabena Ovusu, Kadi Borqes, Abdullah Zubir yaxşı oyunçulardır. Bu komandada sağlam ab-hava var. “Qarabağ”la matçlardan əvvəl izləyəndə görürdüm ki, hər qol vuranda ehtiyatdakı oyunçular da tullanır, sevinirlər. Bu, o deməkdir ki, komandada hər şey yaxşıdır. Qurban Qurbanovla bu gün də, Frayburqdakı oyun zamanı da dost kimi danışdıq. İkimiz də uzun müddətdir eyni klubda çalışırıq”.
Azərbaycanlı jurnalistlərin ona “Qarabağ”ın qrupundan çıxan əksər komandaların sonradan uğurlu qrafik cızması haqqında xatırlatması ilə bağlı fikir bildirən baş məşqçi indidən çox irəli baxmaq istəmədiklərini sözlərinə əlavə edib: “Uzun illərdən sonra Avropa Liqasında oynayırıq. Çox maraqlı turnirdir. Biz oyundan-oyuna düşünürük. Bundesliqada da işlərimiz yaxşı gedir. Hazırda çox yaxşı oyun göstəririk. İndidən çox irəli baxmaq istəmirəm. Sonda qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Belə oyunla “Qarabağ” mütləq yaxşı nəticələr əldə edəcək”.